Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir.

2022-11-16 Baxış: 429
img

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 30 il keçir. 21 noyabr 1992-ci il - Yeni Azərbaycan Partiyasının təsis olunduğu gün ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biri, birincisidir. Yeni  Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılaraq dövrün aparıcı uzaqgörən ziyalılarını bir araya gətirə bildi. YAP-ı bir siyasi təşkilat kimi dəyərləndirmək, onun fəaliyyətinə siyasi qiymət vermək üçün ötən əsrin 90-cı illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır. Müstəqilliyin ilk illərində ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi Lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Yeni bir siyasi baxışa, gücə ehtiyac var idi ki, bu da məhz YAP oldu. 1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin “Səs” qəzeti vasitəsilə Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən​ “Azərbaycan Sizin sözünüzü gözləyir”​ müraciətinə dahi şəxsiyyət 8 gündən sonra yenə də “Səs” qəzetində dərc olunan​ “Yeni, müstəqil Azərbaycan uğrunda”​ tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün dövrün ən  mühüm hadisəsi 1992-ci il noyabrın 21-də Naxçıvanda baş verdi, Respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradıldı. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i Respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalaşan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradan, bu partiyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Bu gün Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük inkişaf yolu keçib. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Əminliklə demək olar ki, bu gün YAP özünün ən yüksək inkişaf səviyyəsindədir. Bu il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini tarixi Zəfərin yaratdığı və Qarabağın yenidən dirçəlib cənnətə çevrildiyi xoş əhval-ruhiyyə şəraitində qeyd edirik. Yeni Azərbaycan Partiyasının ötən dövrdə qazandığı uğurları sadalamaqla bitməz, lakin Qarabağın işğaldan azad olunması bu uğurların ən alisi, kuliminasiya nöqtəsidir. Bu nailiyyətlərin təməlində isə müasir Azərbaycan dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə davam edən siyasi kurs dayanır. Bu gün YAP dövlətə, xalqa xidmətini davam etdirərək yeni-yeni hədəflərə, uğurlara doğru inamla irəliləyir. Bu gün Yeni Azərbaycan Partiyası insanların üz tutduğu ən etibarlı ünvan, güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi, insanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı.

 

Fərhad Baxışov;


YAP Neftçala rayon təşkilatının fəal gənci,


Gənclərin İnkişaf və Karyera Mərkəzinin


Neftçala rayon nümayəndəliyinin direktoru