Ermənistan işgal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb

2022-11-19 Baxış: 184
img

Ermənistan tərəfi 30 illik işğal dövründə azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər. Son iki ildə də düşmənin mina terroru davam edib. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Düşmən tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası düşmən tərəfindən həyata keçirilən "mina terroru"nun təzahürüdür.

Mina xəritələri və minalardan təmizlənmə prosesi Azərbaycan üçün öz aktuallığını qorumaqdadır. Azərbaycanın işğal altında olmuş və rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük hissəsi ermənilər tərəfindən minalanıb. Xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin sayı da az deyil. Baş verən hadisələr bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir. Bu, o deməkdir ki, Ermənistan özünün terrorçu mahiyyətindən əl çəkmir.

Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Cavad Mirzəyev

YAP Neftçala rayon təşkilatının məsləhətçisi