Talançılıq siyasəti

2022-11-23 Baxış: 234
img

Təəccüb və təəssüf doğuran fakt göz qabağındadır. Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi.

Rəsmi Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Əvəzində isə İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.

Dünya multikulturalizmin ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq İran hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. İranda hakimiyyətdə öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlədən istibdadçı, mürtəce molla rejimidir.

İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. Prezident İlham Əliyev, bu günlərdə Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".

 

Cahangir Abdullayev

YAP Neftçala rayon təşkilatının veteran üzvü