Bu gün Yeni Azərbaycan Partiyası bütün siyasi proseslərin önündə gedir.

2022-11-23 Baxış: 236
img

21 noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün  Azərbaycanın ictimai-siyasi fikir tarixinə unudulmaz və möhtəşəm bir tarixi an kimi həkk olunmaqla, cəmiyyətimizin bütün sferalarında yeni bir başlanğıcın təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və siyasi ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyası 30 illik zəngin və şərəfli inkişaf yolu keçməklə, ümumxalq partiyasına çevrildi. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün ideoloji işlərin önündə gedir. Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə dayanıqlı  inkişafa nail olmuşdur. Bu gün Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi odur ki, YAP-ın siyasi platformasının, proqramlarının əsas qayəsini, ana xəttini azərbaycançılıq, milli mənəvi dəyərlərin qorunması, vətəndaşların layiqli həyat səviyyəsini təmin edilməsi və dövlətçilik işinin uğurla qurulması təşkil edir. İndi bizlər 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini görə bilərik. Xüsusi vurğulanmalıdır ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarix zərurətdən doğan bir reallıq idi. 1992-ci ildə ölkə ərazisində tüğyan edən hərc-mərclik, siyasi anarxiya, orduda vahid komandanlığın olmaması və digər amillər Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir ağır siyasi mənzərəni aradan qaldırmaq üçün həmin günlərdə Azərbaycan xalqına bir xilaskar, Lider gərək idi. Belə olan halda bir qrup ziyalı bütün bu müsbət keyfiyyətləri özündə birləşdirən və həmin vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət ünvanladılar.  Məhz Ulu Öndərin həmin müraciətə müsbət reaksiya verdiyi an Azərbaycanın ictimai-siyasi fikir tarixində dönüş nöqtəsi kimi qəbul edilir. 1992-ci il  noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasinın təsis konfransının keçirildiyi gün YAP-ın yarandığı gün kimi tarixdə əbədi yaşayacaqdır. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilməsi və eyni zamanda qısa vaxt ərzində Azərbaycanda siyasi hakimiyyətə gəlməklə ölkəni böyük bir uçurumdan xilas etdi, ölkənin müstəqilliyi üçün ən böyük təhlükə olan siyasi hərc-mərcliyə son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Bu gün çox böyük əminlik hissi ilə vurğulamalıyıq ki, Ümummilli Lider Heydər Əliyevin siyasi ideyaları ilə bünövrəsi qoyulan, təsis edilən Yeni Azərbaycan Partiyası son 30 ildə Azərbaycanımızın müstəqilliyinin möhkəmlənməsi və qüdrətlənməsində, o, cümlədən ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində üzərinə düşən bütün öhdəlikləri uğurla icra etmiş və bu missiya  hazırda da uğurla icra olunmaqdadır.

 

Oqtay Kərimov;

Neftala rayon ziyalısı