Biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin

2022-11-25 Baxış: 222
img

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə respublika tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən Partiyamızın sədri, Cənab Prezident İlham Əliyev bir çox məqamlara toxunmuşdur.

"Bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı" bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında söyləyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək.

“O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq”, - deyə Prezident vurğulayıb.

 

Sevil Məmmədova

YAP Neftçala rayon təşkilatının fəal üzvü, Şəhid bacısı