Kəlbəcər rayonunda infrastruktur layihələrinin icrası.

2022-11-28 Baxış: 292
img

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar tərəfindən isə onun icrası tələb olunmadı. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Yalnız Kəlbəcərin işğalından 27 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayon işğaldan azad edildi. Məhz bu gün – 25 noyabr tarixi Kəlbəcərin işğaldan azad olunduğu gündür.

 Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi. Beləliklə də 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində bir qüllə atılmadan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Prezidentinin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

“Bu gün Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır, yenidən qurulur, bərpa edilir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olublar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırıb. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilib. Hazırda infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib.

Belə ki, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri olub.

26 iyun 2022-ci ildə Kəlbəcərə səfər edən zaman İlham Əliyevin etdiyi çıxışa nəzər salaq: “Kəlbəcər və Laçın rayonlarına mənim səfərim başa çatır. Keçən il olduğu kimi, bu il də burada - İstisu qəsəbəsində başa çatır. İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb. Eyni zamanda, bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz”

Əziz Həziyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü