Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var

2022-12-01 Baxış: 222
img

27 sentyabr 2020-ci ildə düşmənin növbəti azğınlığına cavab olaraq başlanan və 44 gün davam edən Vətən Müharibəsinin nəticəsində 30 ildir yolunu həsrətlə gözlədiyimiz Qarabağımız öz həqiqi sahibinə qayıtdı. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə  Müzəffər Ali Baş Komandanımıza, Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Həmin günlər bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünürdü. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan məğlubiyətini qəbul etməyə məcbur oldu.  Beləliklə də, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Üçtərəfli Bəyanat əslində Ermənistanın kapitulyasiya sənədi idi. Bir çox məqamların aydın olduğu Bəyanatın ən mühüm detallarından biri heç şübhəsiz  Ermənistan silahlı qüvvələrinin döyüşsüz Laçın, Ağdam və Kəlbəcər rayonlarını Azərbaycana təhvil verməsi idi. O gecə, 10 noyabr tarixində cənab Prezident İlham Əliyevin xalqa müraciəti ilə bütün azərbaycanlıların Vətən həsrəti, Vətən nisgilinə son qoydu. Düşmənin faktiki kapitulyasiyası ilə Laçını, Kəlbəcəri, Ağdamı qan tökmədən geri almağa müvəffəq olduq. Düşmən bütün işğal etdiyi ərazilərdə olduğu kimi Laçında da izahedilməz vandallıq hərəkətləri həyata keçirdi. Rayonda tarixi-coğrafi adları dəyişdirdi, təbii resursları talan etdi, burada əsasən Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü, kütləvi məskunlaşma siyasətini apardı. Lakin Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, iradəsi onların bu yerlərdə əbədi qalmasına imkan vermədi. Düşünülmüş, məqsədyönlü siyasət bizi tarixi Qələbəyə apardı.

Laçın rayonu arıçılıq, heyvandarlıq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Rayonun böyük turizm potensialı da var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək.

2025-ci ilə qədər Laçın rayonunda 75.6 min baş iribuynuzlu (inək və camışlar) və 402.3 min baş xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bərpa edilməsi ilə ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3.7 faiz artımına səbəb olacaq. Həmçinin Laçında 110 min quş və 18 min arı ailəsinin olacağı da proqnozlaşdırılır ki, bu da yumurta, quş əti və bal istehsalının artmasına da təkan verəcək. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalı 0.2 faiz və yun istehsalında isə təqribən 2.6 faiz artım olacaqdır. Süd və yumurta istehsalında müvafiq olaraq 1.7 faiz və 0.02 faiz artım proqnozlaşdırılır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Laçının payı 44.5 min tona yaxın və yaxud 1.4 faiz olacağı ehtimal edilir ki, bu da rayon üzrə 25.6 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı olacağı anlamına gəlir.

Aqrar istehsal potensialı ilə yanaşı, Laçın rayonunda tütünün emalı, südün emalı, gön-dərinin və yunun emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfəsi sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Laçın rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.

Biz inanırıq ki, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.

 

Gündüz Əsgərov

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri