Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı

2022-12-05 Baxış: 281
img

 “Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim maraqlarımızdan daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə ilə əlaqələrimizdə biz Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edirik. Naxçıvanın Türkiyə ilə sərhədi var. Bizim Gürcüstan, Türkiyə, Naxçıvan vasitəsilə əlaqəmiz ola bilər. Ona görə də biz bütün bu üstünlükləri nəzərə alaraq 3+3 formatını təklif etdik. Əlbəttə ki, bizim Naxçıvana dəmir yolu və avtomobil yolu ilə əlaqəmiz olacaq. Amma təəssüf ki, bu, dayanıb, çünki bəzi İran rəsmiləri tərəfindən atılan son addımlar və hərəkətlər tamamilə qeyri-məhsuldardır. Biz isə bu narazılığın mənşəyini anlaya bilmirik”  bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakı zamanı deyib.

  Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı genişmiqyaslı bərpa işləri regionun bütün maraqlı tərəfləri üçün bir çox yeni imkanlar açacaq. Dövlət başçısının uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verir. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi də beynəlxalq statusu qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Elşad Əhmədov

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri