Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir.

2022-12-08 Baxış: 288
img

Müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Bütövlükdə ideologiyanın milli tipi vətəndaşların cəmiyyətə siyasi tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə və milli-mənəvi dəyərlərlə yüksəltməyə istiqamətlənir. Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı. Çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Lakin çox təəssüf ki, müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələr bu tarixi zərurəti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Nəticədə Azərbaycanda cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi pərakəndəlik və ideoloji parçalanma meyilləri müşahidə edilməyə başlandı. Halbuki, o dövrdə ümummilli birliyə nail olmaq üçün kifayət qədər obyektiv şərait mövcud idi. Ən acınacaqlısı isə o idi ki, bu pərakəndəlik xaricdə yaşayan soydaşlarımız arasında da özünü açıq şəkildə büruzə verirdi. O dövrdə hakimiyyətdə olan qüvvələr bu kimi taleyüklü problemləri həll etmək əvəzinə siyasi naşılıq göstərərək milli birlik, milli özünüdərk kimi mühüm siyasi problemlərin həllini şəxsi mənafe və ambisiyalarına qurban verdilər.Xalqımızın milli özünüdərk prosesinin formalaşmasına əsaslı təkan vermiş Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrün əvvəllərində - 1991-ci ilin dekabrında Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında tarixi qərar qəbul etdi. Əslində, bu, təkcə xalqımızın birliyinin və həmrəyliyinin təmin edilməsi istiqamətində atılmış addım deyildi, həm də xalqın bir məslək uğrunda birləşdirilməsinə xidmət edəcək azərbaycançılıq ideologiyasının əsasının qoyulması demək idi. Müstəqil Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilmişdir. Yüzlərlə dövlətlər sırasında Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə, şərəflə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindirir və hər birimiz başa düşürük ki, Azərbaycanın dünya səviyyəsində tanınmasında Ulu öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir. Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli liderimiz azərbaycançılıq ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynamışdır. Əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və millətimizin gələcək inkişafına yönəldilmiş dövlət siyasətimiz elə istiqamətlənmişdir ki, soydaşlarımızı vahid ümummilli ideya ətrafında toplamaqla bir tərəfdən Vətəndə gedən proseslərə fəal sürətdə cəlb edir, digər tərəfdən də onların təşkilatlanmasına yardımçı olur. Bu ideyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin həllinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdir. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyev bu ideologiyanın əsas məqsədləri barədə deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”.Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır. Bu gün isə, bu strategiya özünü Zəfər strategiyası kimi təqdim edir. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya baxacağımız başqa bir rakursda meydana gəldi. Biz çox aydın gördük və təsəvvürlərimizi daha da möhkəmləndirdik ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, əslində, ölkənin ərazi bütövlüyünün təmin olunmasına hesablanmışdı. Heydər Əliyevin özünün də əsaslandırdığı kimi, daxili sabitlik olmadan heç bir məqsədə çatmaq mümkün deyil. Azərbaycandakı xaos, gərginlik o qədər təhlükəli idi ki, həmin dövrdə siyasi eksperimentlərə yer yox idi. Yalnız hadisələrə düzgün qiymət verməklə, hədəfə yönəlik çox dəqiq addımlar atmaqla, xaosu dəf etmək, dövlət idarəetmə sistemini işə salmaq və ölkənin inkişaf elementlərini müəyyənləşdirməklə vəziyyətdən çıxmaq mümkün idi.Bütün bunlarla yanaşı, beynəlxalq informasiya məkanında münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin yerinin göstərilməsi, ümumiyyətlə, milli maraqlarımızın qorunması missiyası da ümummilli lider Heydər Əliyevin üzərində idi. Xarici səfərləri zamanı xəritə üzərində Azərbaycan sərhədlərini dünyaya tanıdırdı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatlandırırdı. Bunun özü artıq bizim gələcək hərbi qələbəmizin siyasi elementlərinin formalaşdırılması prosesi idi. Heydər Əliyev ideyalarından bəhrələnərək yeni reallıqlar şəraitində Azərbaycanı daha da gücləndirən Prezident İlham Əliyev 2020-ci ildə milli tariximizin ən parlaq səhifəsini yazdı və xalqımızı qürurlandırdı. Tarixi Zəfərimiz Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasirləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.Azərbaycançılıq ideologiyasının həyata keçirilməsi zərurəti hamı tərəfindən tarixi reallıqların diktə etdiyi qanunauyğunluq kimi qəbul olunmalıdır. Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir.

 

Kərimova Xanım

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini.