Neftçala gəncləri "Gənclər Kuboku - 2" ilə öz intellektlərini sınayacaqlar

2022-12-14 Baxış: 184
img
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi, Neftçala rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Gənclər Kuboku - 2" intellektual yarışına start verilib.
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Xəmsə" Milli İntellektual Oyunu üzrə "Gənclər Kuboku - 2" Neftçala rayon birinciliyinin ilk seçim turu baş tutub. Birinci seçim turunda Humanitar təmayüllü Muğan liseyini təmsil edən "Muğan" komandası, Xəzərkənd kənd tam orta məktəbini təmsil edən "Dəmir yumruq" komandası, H. Əliyev adına Abasallı kənd tam orta məktəbini təmsil edən "Kür" komandası və Aşağı Qaramanlı ümumi orta məktəbini təmsil edən "Zəfər dastanı" komandası öz güclərini sınayıblar. Komandalar arasında gərgin keçən mübarizənin yekununda "Muğan" komandası 10300 xalla digər rəqiblərini geridə qoyaraq, yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarışda 8 seçim turu keçiriləcək və ümumilikdə 32 məktəbin gənclərinin bilik və dünyagörüşü səviyyələri sınağa çəkiləcək. Seçim turlarının nəticələrinə əsasən, hər mərhələdə ən yüksək xal toplayan komandalar arasında yarımfinallar, ən güclülər arasında isə final mərhələsi baş tutacaq və qaliblər mükafatlandırılacaq.
İntellektual oyunların keçirilməsində məqsəd gənclərə öz bilik və intellektlərinin nümayişi üçün şərait yaratmaq, onlarda intellektual oyub vərdişlərinin formalaşdırılmasına dəstək, eyni zamanda məntiqi təfəkkürün və dünyagörüşünün inkişaf etdirilməsinə xidmət etməkdən ibarətdir.