Türkmənistanda keçirilmiş üçtərəfli zirvə görüşü dostluq və hərtərəfli əməkdaşlığa yeni təkan verəcəkdir.

2022-12-16 Baxış: 204
img

 Müzəffər Prezident İlham Əliyev 2022-ci il dekabrın 14-də qardaş Türkmənistanda Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovla çağdaş tarixi dönəmin ən mühüm zirvə görüşlərindən birində iştirak etmişdir. Cənab İlham Əliyev səfər çərçivəsi zamanı öz çıxışında hər üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulamış, eləcə də regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Bəzi qonşu dövlətlərdə baş verən siyasi proseslərin fonunda dövlətimizin başçısının bu səfəri olduqca böyük əhəmiyyətə malikdir. Hər şeydən əvvəl Ankara-Bakı-Aşqabad siyasi və iqtisadi əlaqələrinin ortaq maraqlar üzərində uzlaşdırılmasının vacibliyi indi daha təxirəsalınmaz görünür. Bu özünü həm də Türkmənistanın bölgə üzrə yeni əməkdaşlıq platformalarında faydalı və fəal iştirakının təmin olunmasının dəstəklənməsi – başqa sözlə onun iri həcmli karbohidrogen ehtiyatlarının dünya bazarlarına şaxələndirilmiş kommunikasiya xəttləri vasitəsilə təhlükəsiz çatdırılmasına hesablanmışdır. Türkmənistan Prezidentinin görüş zamanı çıxışından bir parçaya diqqət yetirək: “Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm”.Qeyd edək ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Hər iki xalq türklərin oğuz boyundandır. Hələ XI əsrdə -Səlcuq axınları zamanı xalqımızın formalaşması prosesində indiki türkmənlərin də iştirakı danılmazdır. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi 1992-ci il iyunun 9-dan başlayır. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda səfirliyi aşılmışdır. Dövlətimizin başçısı bu il iyunun 29-da reallaşan səfər zamanı Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Cənab Prezident İlham Əliyevin 14 dekabr tarixli bu il üçün ikinci hesab olunan rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlərə, imzalanan sənədlərə diqqət yetirdikdə müşahidə etmək olar ki, hər iki ölkə rəhbərliyi qarşılıqlı iqtisadi maraqlara əsaslanan yeni logistik sistemin qurulmasında , eləcə də humanitar-mədəni əlaqələrin dərinləşdirilməsində qətiyyətlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin məqsədi “Dostluq” yatağının birgə işlənməsində özünü sübut etmiş qardaşlıq əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq, yeni logistik imkanların həyata keçirilməsini tezləşdirmək, qarşılıqlı faydalı münasibətləri dərinləşdirməkdən ibarət olmuşdur. Ölkə başçımız İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında söyləyib: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır”. Azərbaycan Prezidenti çıxışında daha sonra qeyd etdi iki, Vətən Müharibəsindəki Qələbəmiz regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”. Türkmənbaşı şəhərində 2022-ci ilin 14 oktyabr tarixində keçirilmş üçtərəfli görüş xalqlarımızın tarixi əlaqələrininin daha da gücləndirilməsində, iqtisadi və siyasi münasibətlərin strateji dostluq və qardaşlıq səviyyəsində yeni keyfiyyətdə inkişafında özünü daha bariz göstərəcəkdir.

Firdovsi Tağıyev;
Neftçala rayonu ziyalı