Səfər çərçivsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri:”Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökümətlərarası Memorandum”

2022-12-19 Baxış: 177
img

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşları olan Türkiyə və Türkmənistanla münasibətlər yeni mərhələyə qədəm qoyur. Hər üç ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrarası əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Əlaqələr bütün sahələrdə uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur.

Prezident İlham Əliyevin bu il dekabrın 14-də Türkmənistanda təşkil olunmuş üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, hər üç ölkə arasında olan əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını nəzərdə tuturdu.

"Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

İqtisadi əməkdaşlığın inkişaf dinamikasının statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.

 

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.

“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.

“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.

“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.

Sədaqət Gözəlova,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədr müavini