Dövlət proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr

2022-12-19 Baxış: 189
img

Siyasi sabitliyə, iqtisadi qüdrətə sahib olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan da məhz belə ölkələrdən biridir. Bu gün ölkəmiz istənilən qlobal layihəni öz iqtisadi qüdrəti hesabına gerçəkləşdirə bilən qüdrətli dövlət kimi tanınır. Bunu Azərbaycanın reallaşdırdığı qlobal miqyaslı iqtisadi layihələr və həmçinin İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən misli görünməmiş quruculuq işləri birmənalı şəkildə təsdiqləyir.
Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısına qoyduğu birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə,  Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətməkana çevirməkdir. Artıq iki ildən çoxdur ki, dövlət öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən  ərazilərimizdə möhtəşəm layihələr reallaşdırır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. 
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Elə bu məqsədlə də Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq edib.
Sərəncamda göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, proqramın prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət proqramında nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək.
Sənədin əsas məqsədləri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd: Əhalinin dayanıqlı məskunlaşması və Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib.
Bu məqsədlər ilk növbədə ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqini təşviq etmək nəzərdə tutulur.
Qoyulan hədəflər nəzərə alınmaqla Dövlət proqramının icrası üzrə monitorinqlər keçiriləcək. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr dövlət proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək. Sözügedən dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə Prezidentin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi" Qaydasına əsasən həyata keçiriləcək.

Səttar Xəlilov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini