Tarixi, mədəni abidələrimizin bərpası və qorunması prioritet istiqamətlərdəndir.

2022-12-23 Baxış: 224
img

    Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.

      İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər. Erməni vandalları tərəfindən törədilən bu vəhşiliklər, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Əminik ki, çox tezliklə onlar tarixi abidələrimizə qarşı törətdikləri vəhşi əməllərinə görə hüquqi müstəvidə də cavab verəcəklər.

   Biz isə Böyük Qayıdışa hazırlaşırıq. Artıq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edilib. Prezident İlham Əliyev noyabrın 16-da bununla bağlı sərəncam imzalayıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının Tədbirlər Planı (2022–2026-cı illər) 6 prioritet istiqaməti əhatə edir. Hər prioritet üzrə müvafiq fəaliyyət istiqamətləri nəzərdə tutulub.

    2-ci prioritet istiqamət – “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini” üzrə fəaliyyət istiqamətlərindən biri azad edilmiş ərazilərdə mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası ilə bağlıdır.

 

Tural Abbasov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü