Biz bir gün Qərbi Azərbaycana qayıdacağıq!
Məlumdur ki, bu ilin
avqust ayında Qərbi Azərbaycan İcması yaradılmışdır. İcma Azərbaycan Qaşqınlar Cəmiyyətinin bazası
əsasında qurulmuş, fəaliyyət proqramı hüquqi əsaslara dayanaraq daha geniş müstəvidə
istiqamətləndirilmişdir. Bu da İcmanın vəzifələrinin, fəaliyyət, prinsip və
müddəalarının daha əhatəli icrasının təmin edilməsinə şərait yaradır, geniş imkanlar verir. Belə ki, İcma
öz yurdlarından qaçqın düşmüş soydaşlarımızın sosial problemləri ilə yanaşı, təbliğat
və hüquqi fəaliyyəti ilə beynəlxalq müstəvidə çıxış edəcəkdir.
Xalqımızın səsinin bütün dünyada duyurulması, 2 əsrdə başına gətirilənlər,
zaman-zaman işğal olunan torpaqlarımızın tarixinin çatdırılması istiqamətində
görüləcək işlər hər bir azərbaycanlının qəlbindən xəbər verir. Bu addım tarixi
hadisə olmaqla Qarabağa qayıdış mexanizminə də müsbət təsir edəcəyinə əminlik
yaradır. Bunu tariximizə sahiblik prinsipinin gücdərilməsi işinin bir qismi
kimi də qiymətləndirmək olar. Belə ki, Ölkə başçısının fəaliyyətində, apardığı
siyasətdə hər zaman milli ənənələrimizə, tariximizə sahiblik hissini daima görmək
olar. Qarabağ məsələsi, həmvətənlərimizin öz yurd-yuvalarına dönüşünün təmin
edilməsi işləri möhtərəm Prezidentimizin daim diqqətdə saxladığı təxirəsalınmaz məsələlərdən biridir. Məlumdur ki, ölkə Rəhbəri
öz ad günlərini hər il xalqla birlikdə keçirir, çox zaman məcburi köçkün və
qaçqınların əhatəsində olur. Möhtərəm Prezidentimizin dekabrın 24-ü məhz öz
doğum günündə Qərbi Azərbaycan İcmasının bir sıra ziyalıları ilə görüşü də
bunun aydın təcəssümüdür. Ölkə başçısının həmin görüşdəki çıxışı çox böyük məqsədlərdən
xəbər verir və hər tezisi ilə böyük maraq doğurur. Sirr deyil ki, tariximizin
müəyyən səhifələri düşmən xəyanəti ilə qaraldılmış, günümüzdə də həmin hədisələrin
sıxıntısını çəkir, təsirini xalq yaşadığı böyük bəlalar, üzləşdiyi problemlərlə
ödəyir. Ölkə rəhbərinin Qərbi Azərbaycan İcması ilə görüşündə bütün azərbaycanlıları düşündürən tarixi
yaramıza, qaranlıq səhifələrə işıq salaraq açıqlamalar verməsi, önəmli fikirlər
söyləyərək gərəkli mesajlar səsləndirməsi əlbəttə ki, xalqın maraq və diqqəti
ilə qarşılanmışdır. Bəli, uzun illər heç zaman qəbul edə bilmədiyimiz, eşidəndə
qıcıqlandığımız bir kəlmə var ki, milləti
ruhən əzir, tarix boyu xalq olaraq hansı məşəqqətlərə məruz qaldığını isbat
edir. Bu qaçqın ifadəsidir ki, əsrlərdir
ağrı-acısını yaşamışıq. Tariximizin ən ağır məqamlarını dillə gətirən bu kəlmə,
hissə-hissə, didim-didim qoparılan torpaqlarımızın, öz evindən, yuvasından qovulan,
didərgin salınan, həyatına biganə yanaşılan
insanların, ya zor gücünə, ya da düşmənlərin məkrlə hördüyü siyasət
torunda 200 ildən artıq, hətta bu günə təhlükələrlə üz-üzə qalmağa məcbur
buraxılan bir millətin taleyinə yazılmışdır. Tariximizə nəzər salsaq,
torpaqlarımızın yağlı tikəsini mənimsəmək naminə, böyük siyasət uğruna azərbaycanlılar,
ayrı-ayrı vaxtlarda indi erməni dövləti kimi tanınan tarixi yurdumuz Qərbi Azərbaycandan kütləvi şəkildə
deportasiya olunmuş, qaçqın, köçkün adını daşımağa, olmazın məhrumiyyətlərlə
yaşamağa məruz qoyulmuşdur. Bu mənfur siyasətin cəzasızlığı, düşmənin etnik təmizləmə
siyasəti illər ötdükcə təkrarlanmış, davam etmiş, torpaqlarımız hesabına daha da genişlənmək həyasızlığı
törətdikləri soyqırım aktlarına qədər yüksəlmişdir. Bu zaman ərzində xalqın
tarixi yaddaşını da silməyə çalışmış, tarixi sənədləri saxtalaşdırmağa sövq
etmişlər. Acıverici məqam isə tariximizin bu səhifələrində sapı özümüzdən olan
baltaların fəal iştirak etməsidir.
Tarixin acı həqiqətlərindən biri də həmin hadisələrin həllinə deyil, problemlərin
gələcəyə saxlanılması, yüklənməsidir ki, onun da nəticələrini yaşamaqdayıq. 2
il bundan öncə “Dəmir yumruq” bahasına qazandığımız tarixi Zərəf düşmənə layiqli cavab, 220 ildən sonra sarsıdıcı zərbə oldu. Ölkə
başçısının bu gün atdığı addımlar tariximizin səhflərindən dərs çıxardaraq nə qədər
çətinliklərlə üzləşsək də, nə qədər ağır da olsa xalqın dəstəyi və doğma
torpağına olan sevginin gücü ilə vətən torpaqlarımızın qorunması yolunda sərəsgər
olmasından xəbər verir. Möhtərəm
Prezidentimizin fikirləri ilə desək: “Qərbi Azərbaycandan olan soydaşlarımız
tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq”. Bəli,
gün gələcək Qarabağı azad etdiyimiz kimi Qərbi Azərbaycan da öz sahibinin olacaqdır.
Gün gələcək, xalqımız istiqamət aldığı böyük hədəflərinə çatacaq və
Azərbaycan yeni gücü, qüvvəti ilə
dünyaya yelkən açacaqdır.
Nəzakət Quluqızı;
Neftçala rayon ziyalısı
Digər xəbərlər