Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhərinin din xadimlərinin İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdiyi dəstəklə bağlı bəyanatı

2022-12-28 Baxış: 379
img
Bu Azərbaycanın din xadimləri daim öz vətənpərvərlikləri seçilmiş, gənclərin dövlətçilik ruhunda tərbiyə almasında mühüm rol oynamış, milli-mənəvi dəyərlərimizə hər zaman sadiqlik nümayiş etdirmişlər. Onlar dövlətimizə qarşı yönəlmiş təhlükə və təhdidlərə qarşı iradələrini ortaya qoymuş, Azərbaycan Respublikasının vətəndaşı kimi ali dəyər uğrunda canlarından keçməyə hər zaman hazır olmuşlar. 44 günlük Vətən müharibəsi bunun əyani sübutudur. Hər bir vətəndaş kimi din xadimləri də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmiş, onun siyasətini dəstəkləməkdən qürur duymuşlar.
Azərbaycan öz dini mühitinə görə dünyada sayılıb-seçilən ölkələrdəndir. Hüququn aliliyi və demokratik prinsiplərinə uyğun olaraq, dövlətimiz tərəfindən birgəyaşayış, yüksək dözümlülük mühiti, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verilir. Məscidlər, kilsələr, digər ibadət evləri, eləcə də ruhanilər daim yüksək qayğı ilə əhatələnmişdir. Dövlətimiz bu siyasəti yalnız ölkə daxilində deyil, eyni zamanda regional və beynəlxalq arenada da daim müdafiə və təbliğ etmiş, öz xarici siyasətini mehriban qonşuluq, sülh və əmin-amanlıq üzərində qurmağı əsas amal bilmişdir. Ancaq Azərbaycanımızın bu istiqamətdəki səyləri qonşularımız tərəfindən düzgün başa düşülməmiş, təzyiq və təcavüzlərə məruz qalmışdır.
Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etmiş, ərazi bütövlüyümüzü bərpa etmiş, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın xalqımıza qarşı törətdiyi maddi və mənəvi iztirablara son qoymuşdur. Bu da dünyada, xüsusilə də regionumuzda sülh və əmin-amanlığın bərpası, dostluq və əməkdaşlıq mühitinin qurulması üçün yeni imkanlar yaratmışdır.
Təəssüflər olsun ki, xalqımız və dövlətimizin xoş məramı hər kəs tərəfindən birmənalı qarşılanılmamışdır. Xüsusilə də ortaq mənəvi dəyərləri bölüşdüyümüz, milyonlarla soydaşımızın yaşadığı İrandan belə münasibət bizlər üçün gözlənilməz olmuş, dərin məyusluq hissi yaratmışdır.
Uzun illər ərzində qardaş və dost münasibəti, o cümlədən müsəlman təəssübkeşliyi gözlədiyimiz İran, tam əksinə, 67 müsəlman məscidinin 65-ni dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, regionda sülhə təhdid yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən, qisas hissi ilə yaşayan həmin ölkəni himayə etmiş, törətdiyi təxribatlara qarşı ordumuzun cavabına qəsbkarlıq adı verərək şəhidlərimizin ruhunu incitmişdir. İllərlə Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı qırmızı xətti hesab edən İran eyni zamanda, ölkəmizə qarşı əsassız iddialar irəli sürmüş, sərhədlərimizdə hərbi təlimlər keçmiş və etdiklərinə dini don geyindirməyə çalışmaqla xalqımızın mənəviyyatını, İslama bağlılığını şübhə altına almağa cəhd etmişdir. Bununla da İran yalnız Azərbaycanla arasındakı münasibətlərə deyil, eyni zamanda İslam həmrəyliyinə yaraşmayan əmələ imza atmışdır.
Bildiririk ki, belə insanpərvərliyə zidd və heç bir dini əxlaqa sığmayan hərəkətlər din xadimlərini də çox narahat edir. Biz - din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətindən və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarından öz narahatlığımızı bildirir və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik.
Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Ölkəmizdə tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışdır. Ölkəmizdə müxtəlif dinlərin ortaq dəyərlərinin inkişafı və dini konfessiyalar arasındakı vəhdət artıq bir çox ölkələrdə nümunə olaraq dəyərləndirilir. Ancaq özünü İslam ölkəsi kimi göstərib müsəlman qardaşına xəyanət etmək heç bir dini dəyərlə uzlaşmır. Din pərdəsi altında gizlənərək məbədlərin və məscidlərin dağıdılmasına göz yummaq, müsəlman qardaşlarına qarşı müharibədə hərbi dəstəyə şərait yaratmaq din xadimləri tərəfindən qınanılır və qəbuledilməz hesab edilir.