Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır

2023-01-14 Baxış: 185
img

Ölkəmizin ilk müstəqilliyi dövründə ordu quruculuğu ciddi çətinliklərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə başlandı. Hazırda bu siyasəti inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev çox qısa vaxt ərzində Silahlı Qövvələrin inkişafında həlledici uğurlara imza atıb. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb olub. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər.

"Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir" bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. “Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 

Bir sözlə, qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.

Ülvi Nəhmədzadə

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri