Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq

2023-01-14 Baxış: 197
img

Ötən iki il ərzində Ermənistan rəhbərliyi nəinki imzasına hörmət göstərməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, hətta bölgədə ən ağır hərbi təxribatları törətməklə gərginlik yaratmaqda davam edib. Ötən müddət ərzində Ermənistan hərbi-siyasi rejiminin addımları onların sülh prosesindən uzaq olduqlarını açıq-aşkar göstərib. Buna rəğmən Azərbaycan tərəfi yenə özünün humanizm prinsiplərinə sadiq qalaraq Qarabağda məskunlaşmış mülki ermənilər üçün dəhlizi açıq saxlayıb, sülhə yönələn bütün təkliflərə səmimi və dürüst olduğunu əməli ilə nümayiş etdirib. Öz ərazisinə mümkün hərbi təhlükəni önləmək, aparılan quruculuq işlərində iştirak edən mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu dövlət sərhədimizdəki təxribatların layiqli cavabını verdi. Bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı heç şübhəsiz ki, sülh prosesindən yayınan və hərbi-siyasi təxribatların arxasında duran Ermənistan hakimiyyətidir. Eyni zamanda, ötən iki il ərzində ermənilərin sülhdən yayınmaq üçün hər cür pozuculuq fəaliyyətinə göz yuman beynəlxalq ictimaiyyət də mövcud situasiyada məsuliyyət daşıyır. Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir.  Ermənistan ötən əsrin 90-cı illərinin eyforiyasındadır, amma unudurlar ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bölgənin lideridir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə vermişdir.Müsahibəsi zamanı "Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik"  deyə dövlət başçısı qeyd etmişdir.        

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının məsləhətçisi