Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi

2023-01-16 Baxış: 157
img

44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Şanlı Qələbəmiz Azərbaycan xalqının  milli potensialının miqyasını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

 

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bildirmişdir ki,  Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi. Yadımdadır biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın. Mənim Prezident kimi bütün səylərimin bir istiqaməti oraya yönəlmişdi. Həm keçmiş Minsk qrupunun həmsədr ölkələrini, eyni zamanda, Avropadakı tərəfdaşlarımızı inandırmağa çalışırdım ki, biz bu vəziyyətlə barışmayacağıq. Ermənistanın əvvəlki və indiki rəhbərliyinə də demişdim, əgər hesab edirsiniz ki, belə davam edəcək, davam etməyəcək. Sadəcə olaraq, hesab edirdilər ki, bu, təbliğat naminə deyilən sözlərdir. Biz məcbur olub öz gücümüzü göstərdik və verdiyimiz siqnallar ünvana çatmamışdı. Hətta mən tələb edirdim ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunsun. Hesab edirdim ki, əgər sanksiyalar tətbiq edilərsə, o zaman məcbur olub öz xoşu ilə bizim torpağımızdan çıxacaqlar. Ancaq bu olmadı və biz müharibədə Ordumuzun gücünü göstərdik.

 

Həcər Dadaşova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü