“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı təmin edilib.

2023-01-17 Baxış: 170
img

Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labud edirdi. 

Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük  yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ümumilikdə sözügedən Qanun hansı yeniliklərə yol açacaq? Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, həmçinin xarici dövlətlərlə  ikitərəfli  əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət götərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da  demokratik inkişafın təqdimatında  öz sözünü deyir.”

Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.

Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

 Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında”  Qanuna uyğun olaraq çap mediasını təsis etmək  üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.   Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın   maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox mühüm məqamları özündə ehtiva edir. Heç şübhəsiz ki, Qanun layihəsi cəmiyyətdə yeni çağırışların, baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə ciddi fayda verəcəkdir.

 

Salman Həziyev,

YAP Neftçala rayon təşkilatının veteran üzvü