Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir

2023-01-21 Baxış: 228
img
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində  Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da  dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.  Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.
Prezident İlham Əliyev 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına enerji böhranı haqqında müsahibəsi zamanı bildirmişdir ki, bizim bu sahədəki təşəbbüslərimizə və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.
Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik.
Fəxriyyə Qafarova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü