2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi.

2023-01-25 Baxış: 196
img

Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, əldə etdiyi nailiyyətlər, müəllifi olduğu layihələr və onların effektli nəticələri dünya dövlətlərinin diqqət mərkəzindədir. Beynəlxalq aləm Azərbaycanın durmadan artan qüdrətini dərindən anlayır və dünya üçün son dərəcə əhəmiyyətini yüksək qiymətləndirir. Bu gün ölkəmiz mövzusundan və təyinatından asılı olmayaraq bütün qlobal əhəmiyyətli tədbirlərin əsas iştirakçısıdır və aparılan müzakirələrdə fəal iştirak edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü beynəlxalq təşəbbüslər yüksək səviyyədə dəstəklənir və qlobal problemlərin həllində birmənalı şəkildə nəzərə alınır. Həmçinin Prezidentimiz iştirak etdiyi tədbirlərdə dövlət maraqlarından çıxış edərək ölkəmizi layiqli şəkildə təmsil edir. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclası da ölkəmiz üçün əhəmiyyətli oldu. Məlumdur ki, Davos Forumu dünyanın iqtisadi həyatında mühüm rol oynayır və beynəlxalq siyasətə təsiri kifayət qədər böyükdür. Bu baxımdan Forum ölkəmizin iqtisadi imkanlarının, yaradılmış əlverişli investisiya mühütünün təbliği baxımından unikal bir platformadır.

Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd etmək lazımdır ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Dövlətimizin başçısı 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

Qlobal miqyasda ən mehriban mühitlərdən biri kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, üçtərəfli əməkdaşlığın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Dövlət başçılarının zirvə görüşləri baş tutub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

 Prezidentin Davos səfəri ölkəmizin iqtisadi və siyasi qüdrətinin növbəti göstəricisi oldu. Bu səfər həm də dövlətimizin qüdrəti ilə yanaşı, ölkə rəhbərinin şəxsi nüfuzunun və ona olan beynəlxalq marağın bütün dünyaya, dosta və düşmənə sübutunun nümayişinə çevrildi.

Davos səfəri və keçirilən görüşlər Azərbaycanın xarici iqtisadi-siyasi kursunun daha bir səhifəsi olmaqla yanaşı, həm də yeni uğurların başlanğıcı kimi mühüm önəm daşıyır. Görünən isə odur ki, Pezident İlham Əliyevin mükəmməl xarici siyasəti dövlətin inkişafının və yüksəlişinin təməl şərtidir.

 

Fəxriyyə Qafarova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü