Azərbaycan Avropaya qaz ixracını artırmaq gücündədir

2023-01-27 Baxış: 210
img

Hazırda Avropa İttifaqı (Aİ) üçün bir nömrəli hədəf əvəllər Rusiyadan idxal edilən 155 milyard kubmetr qazın yerini başqa mənbələrlə doldurmaqdır. Məlum olduğu kimi, son illər Avropa ölkələri əsas qaz tədarükçüsü kimi Azərbaycana daha çox ümid bəsləyir.  Azərbaycan isə öz tədarükünü ikiqat artırsa, Avropanın qaz idxalının 16-20 faizini təmin edə bilər.  Bu məsələlərin Davos iqtisadi forumunda əsas mövzulardan olacağı əvvəlcədən bəlli idi.

“Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq.”- bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərkən aparıcının Avropaya enerjinin təchizatının vəziyyəti barədə sualına cavab verərkən bildirib. Cənab prezident qeyd edib ki, ixracı artırmaq və qoyulan hədəflərə çatmaq üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, Azərbaycana  Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verib. Eyni zamanda, Azərbaycan Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Bunun üçün  əlavə maliyyələşmə tələb olunacaq və Azərbaycan tərəfi buna hazırdır.  Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq. Beləliklə,   Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında fəal aktora çevrilməsi   Davos iqtisadi forumunda da bir daha qeyd olundu.          

 

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri