Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir

2023-02-06 Baxış: 191
img

Prezident İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

XXI əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.

2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf edib. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab edilir. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon turist səyahət edib. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə 8 deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

Dövlət başçısı İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Əsas diqqət göstərilən məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə dəstəyin göstərilməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.

Cənab İlham Əliyev daim çıxışlarında bu məqamı da qeyd edir ki, hazırda  keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır.

Minaların təmizlənməsi prosesi bərpa-quruculuq işlərinin uzanmasına təsir göstərən amillərdəndir. Dövlət başçısı İlham Əliyev sözügedən səfəri zamanı mətbuata bəyanatında bu məsələyə də diqqəti yönəltdi ki, əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsi nəzərə alınaraq  əməkdaşlıq üçün yaxşı imkanların olduğunu görürük.

Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər dağıdılıb. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Şəhərlərin, kəndlərin yenidən qurulması, bərpası Baş planlar əsasında həyata keçirilir. Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxaq ictimaiyyətin diqqətində olmasına baxmayaraq,  Avropa dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməkdə maraqlıdır. Bütün hallarda əsas məqsəd həm bu ərazilərin müasir tələblər səviyyəsində qurulması, həm də dost, tərəfdaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsidir. 

Göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq  əməkdaşlığımızın başqa sahələri də  var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Şölə Bağırova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü