FHN-nin şəxsi heyəti Türkiyəyə göndərilib

2023-02-15 Baxış: 203
img

Fevral ayının 6-da Türkiyədə baş vermiş ağır zəlzələ xəbəri bütün dünyanı, xüsusən də Azərbaycan xalqını hədsiz dərəcədə sarsıtdı. Həmişə olduğu kimi, Azərbaycan bu faciənin ilk dəqiqələrindən qardaş Türkiyənin yanında olduğunu, qardaş acısının öz ağrısı olduğunu əməlləri ilə göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı xəbər alındıqdan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı vermiş və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bildirmişdir ki, “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Biz Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq yardım etdik. Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb.

Faciənin növbəti günlərində də qardaş xalqa yardım göstərilməsi davam etmişdir. Fevralın 7-də tibbi heyət, mobil səhra hospitalına aid konteynerlər və digər zəruri gündəlik tələbat materialları, avadanlıq və preparatlar qardaş ölkəyə çatdırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, fevral ayının 9-na kimi, ümumilikdə, Azərbaycandan Türkiyəyə 8 təyyarə, 24 yük avtomobil karvanı vasitəsilə 745 nəfər xilasetmə və tibbi personal, 1 ədəd mobil səhra hospitalı, 479 ədəd çadır, 5 ədəd böyük gücə malik generator və 4 ədəd səhra mətbəxi, zəruri ləvazimatlar, qida məhsulları göndərilmiş, təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış və xilasetmə maşınları pulsuz yanacaqla təmin edilmişdir.

Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.

Allah bütün həlak olanlara rəhmət eləsin, yaxınlarına səbir versin!

Eldəniz Muradov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü