Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş düzgün strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir.

2023-02-16 Baxış: 162
img

Hazırda Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinə töhfə verir. Bu, Ümumilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Müzəffər Prezidentimiz cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət sözün əsl mənasında dünyaya örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Bu gün Azərbaycan heç bir halda  enerji böhranı yaşamır. Ölkənin enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçımızın da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verməkdədir. Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcəkdir. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaqdır. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin ixracı, Azərbaycanın daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaqdır. Cənab Prezident İlham Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında bir çox mətləbləri ən yüksək səviyyədə qeyd etdi; “Mingəçevir şəhəri Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”. Son illərdə ölkəmizdə  energetika sahəsində atılan addımlara nəzər salaq görərik ki, Azərbaycan ənənəvi enerji istehsalı sahələri yanaşı bərpaolunan enerji mənbələrindən də maksimum yararlanmaq niyyətini bəyan edir. Və bunu əməli işlərlə təsdiq edir. Bu günün reallıqlarından biri odur ki, ətraf mühiti qorumaq üçün “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər təsbit edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Dövlət başçısı cənab İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə  enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışı 2025-ci ildə nəzərdə tutulub. Bu stansiyanın işə düşməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Bilirik ki, hazırda da Mingəçevir şəhəri ölkənin elektroenergetika sahəsində əsas şəhəridir. Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də  böyük əminliklə qeyd etməyə əsas verir ki,  neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaqdır.       

 

           Əfsanə Abdullazadə;

           Neftçala rayon gənci, ictimai fəal