Laçın - Xankəndi yolundakı vəziyyət müzakirə edildi

2023-02-20 Baxış: 216
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı : "Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün. Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik" deyə dövlət başçısı qeyd etmişdir.

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri