Azərbaycan sülh razılaşması üçün beş əsas prinsipi təqdim edib

2023-03-09 Baxış: 182
img

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə qucaq açdı. Məlum olduğu kimi, bu günlərdə paytaxtımızda Qoşulmama Hərəkatının COVID-19 –a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Toplantıda Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin konseptual xarakterli çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bu çıxışında yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası ilə bağlı fikirlərini paylaşdı və önəmli mesajlar verdi. Üç il əvvəl Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi. Bu Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli təşkilatlardan birinə çevrilib.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə bu təşkilatın sədrliyinə başladı. Etiraf edək ki, həmin dövrə qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Dövlətimizin başçısının sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli artırdı. Ona görə də Azərbaycanın təşkilata sədrlik müddəti Hərəkat üzvlərinin yekdil qərarı ilə daha bir il uzadıldı. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında da ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə böyük razılıqla qarşılandığını diqqətə çatdırdı: “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu mühüm təşəbbüs Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi idi. Təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı və xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi. Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdi. Bununla yanaşı, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Hərəkatın pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi qurumun nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”.

Ermənistan-Azərbaycan münaqişəsi milyonlarla insanın taleyinə ciddi təsir göstərən, ən faciəli münaqişələrdən biri kimi tarixin yaddaşına həkk olunacaq.Xarakterinə və miqyasına görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə ötən dövr ərzində beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirə edilmiş, münaqişənin həlli istiqamətində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bir çox beynəlxalq təşkilatların vasitəçiliyi və təşəbbüsü ilə keçirilmiş görüş və danışıqlarda Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması, nəticə etibarı ilə danışıqların gedişində irəliləyişin əldə edilməsinə imkan vermədi. Nəticə verməyən danışıqlar taktikası Azərbaycanı qane edə bilməzdi. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində və noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamə ilə azad olunan torpaqlar üzərində Azərbaycanın suverenliyi bərqərar olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir.Üçtərəfli Bəyannamə ilə Ermənistan götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi üçün 2021-ci ildən Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirərək sülh müqaviləsinin hazırlanması məqsədi ilə beş baza prinsipini təqdim edib və Ermənistan bu prinsipləri qəbul edib.Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.

Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmamasını diqqətə çatdırması bir daha Azərbaycan Prezidentinin cəsarətindən və qətiyyətindən xəbər verir. Bu qurumun əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi oldu. Azərbaycan Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.

 Zirvə toplantısında Azərbaycan tərəfindən daha bir mühüm təklifin irəli sürülüb: “Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir. Eyni zamanda, ölkəmizin sülhə doğru mühüm addımı da qeyd edilib. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib”.

İlkin Məmmədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü