Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq

2023-03-23 Baxış: 227
img
Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çəçivəsində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Almaniyanın “Tauber” şirkətinin nümayəndəsi Jan-Bernd Kappelhoff əməkdaşlıq barədə təkliflər səsləndirib: “Bizim şirkət Almaniyada, həmçinin Portuqaliyada və İsveçrədə fəaliyyət göstərir. Şirkətimiz infrastrukturun yaradılması və saxlanılması üzrə ixtisaslaşıb. Vaxtilə biz “Azərsu” üçün işlər icra etmişik. Ümidvaram ki, biz gələcəkdə “Azərsu” üçün yenidən işlər görə bilərik”.
Prezident İlham Əliyev Azərbaycanda içməli su təchizatının 100 faiz təmin edilməsinin əsas hədəf olduğunu, bu istiqamətdə layihələr həyata keçirildiyini bildirib: “Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq”.
Fərid Əhmədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatı sədrinin müavini