Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır

2023-03-23 Baxış: 241
img

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ilin fevralında qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Prezident İlham Əliyevin cari ilin mart ayının 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Prezident İlham Əliyevin Almaniyaya səfəri  özündə bir sıra mühüm faktorları ehtiva etməkdədir. Eyni zamanda, daha bir fakt da budur ki, Azərbaycandakı münbit biznes mühiti alman şirkətlərinin ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməsinə imkan verir. Qarşılıqlı ticarət dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib. Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu. Martın 14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat konfransındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, "Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə maraq doğuran bir məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.

 Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. 

İlham Əsədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü