Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar

2023-04-03 Baxış: 180
img

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti,rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın səhərini, Zabux və Sus kəndlərini də bir güllə belə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gun qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış Laçın şəhəri ,Zabux və Sus kəndlərinin sakinlərinin,yəni doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi ,onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi,əhali arasında məlumatlandırma,təbliğat işlərinin aparılması köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işləri həyata keçirilir.

Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Prezident İlham Əliyev bu sözləri martın 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin etdiyi Məsim Məmmədovu qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər: “İndi – müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür... Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər...

Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq...”.

Prezident vurğulayıb ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında yüz kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar...”.

Prezident qeyd edib ki, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdi. Amma Laçın şəhərinin yenidən qurulması keçən il avqustun 26-dan bu yana icra edilir. “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”, – deyə İlham Əliyev əlavə edib.

 

Laçın şəhərinin bütün infrastrukturunun yenidən qurulduğunu bildirən İlham Əliyev deyib: “Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, – nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, – bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”.

Samir Cəfərov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü