Neftçala rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib

2023-04-04 Baxış: 302
img
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.
Elmi praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Azərbaycan Respublikasının 1-ci baş naziri, siyasətçi Həsən Həsənov, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası veteranlar şurasının üzvü, yazıçı Tahir Məmmədov, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının əməkdaşları, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.
Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görən Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşməsini, azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə edən respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülən əvəzedilməz bir ideologiyaya çevrilməsini iştirakçıların diqqətinə çatdırıb. RİH-in başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi: Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!
Çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu daima vurğulamış, Dövlət təhlükəsizliyi orqanlarında ilk azərbaycanlı general kimi sovet hakimiyyətinin və kommunist ideologiyasının hər cür milliliyi məhdudlaşdırdığı şəraitdə belə doğma xalqının özünəməxsusluğunun, onun müstəqillik ruhunun qorunub saxlanması, bu istiqamətdə yaradıcı fəaliyyət göstərən insanların siyasi təqiblərə məruz qalmaması üçün bütün imkanlardan istifadə etmişdir.1970-ci ildə BDU-nun 50 illik yubileyinin respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlaması, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin inkişafı üçün atdığı addımların bariz nümunəsi idi. Təşkilat sədri qeyd etmişdir ki, Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılması və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.
Elmi praktiki konfrans qonaqların iştirakı ilə onların Ulu Öndər Heydər Əliyev haqqında xatirələri və sual-cavab formatında davam edib.