Ulu Öndər həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı.

2023-04-14 Baxış: 181
img

Azərbaycan  ilə  Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, “Hər bir azərbaycanlı kimi məndən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt - ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və mahiyyət etibarılə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu.Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”

Ziyafət Hüseynov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini