“Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”

2023-05-10 Baxış: 307
img

Azərbaycan xalqının adət-ənənələri qədim köklərə söykənir. Dahi lider Heydər Əliyev hər zaman adət-ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra milli-mənəvi dəyərləri ön planda tutaraq siyasət yürütmüşdür. Ümummilli liderin Azərbaycançılıq məfkurəsi fonunda qiymətləndirdiyi milli-mənəvi dəyərlərin özü də çox stukturludur. Belə ki, uzaqgörən liderin çıxışlarında bu dəyərlərin sütunu üç yerə bölünür: dil, adət-ənənə və din. Hər çıxışında da bu üç məsələnin vəhdəti özünü göstərir: “Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”. Ulu Öndər adət-ənənələri yaşatmağı, nəsildən-nəsilə ötürməyi vacib amil hesab etmişdir. “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz Azərbaycançılıq ideyaları dayanır.  Ulu Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir. Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Məlumdur ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrdə ölkədə dövlət-din münasibətlərində ciddi ziddiyyətlər vardı. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədəki uçurumu aradan qaldırmaq mümkün oldu. Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edirdi. Eyni zamanda onun Prezident kimi fəaliyyət göstərdiyi dövrdə multikultural və tolerant dəyərlərə yüksək qiymət verilir, bütün dinlərin, konfessiyaların nümayəndələrinə öz dini adət-ənənələrini sərbəst olaraq yerinə yetirmək üçün imkan yaradılırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin İslam dünyası ilə əlaqələri xüsusilə möhkəmlənmişdir. Azərbaycan yenə də İslam sivilizasiyasının və mədəniyyətinin qorunmasına öz töhfəsini verir. Bunu ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı da təsdiqləyir. Avrasiya regionun üç böyük müsəlman ölkəsi – Türkiyə, İran və Pakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi yaranıb. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikstan da təşkilata daxil olub. Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə ev sahibliyi edib. Cari ilin mart ayının 1-də Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində 2012-ci ildən sonra görülən işlər yüksək qiymətləndirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür elan olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan olunması ölkəmizin sülhsevər və humanist siyasətinin təzahürüdür. Bu, həm də İslam dünyasına olan həssas münasibətin göstəricisidir.

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal gənci