Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

2023-05-11 Baxış: 203
img

Ulu öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.

Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı.

Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq olmuşdur. Həqiqətəndə Heydər Əliyevin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir.

Heydər Əliyev hansı vəzifədə işləməsindən, hansı şəraitdə olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu ümumxalq məhəbbəti olmuşdur.

O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan vermiş, qısa müddət ərzində bütün istiqamətlərdə naliyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atmışdır. Sovetlər dönəmindən başlamış Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqaməti məhz milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir.

Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli lider Heydər Əliyevin xidmətləridir.

İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbul etmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və daima tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir.

Azərbaycan xalqı sizi və sizin əvəzsiz xidmətlərinizi heç zaman unutmayacaq! Ruhunuz şad olsun, Ulu Öndər!

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri