Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir.

2023-05-11 Baxış: 147
img

Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəllifidir.Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət  və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub.Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.

Müstəqillik ideyasının əsasında duran vacib hərəkət verici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, itirilməkdən xilas etmişdir.Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm  də dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyər verən ulu öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.Məhz bu mənada, 1969-1982- ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir.Milli- ideoloji siyasətin tərkib hissəsi kimi , 1978- ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.

İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbul etmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və daima tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir.

Mətanət Quliyeva,

YAP Neftçala rayon təşkilatının gənci