XALQA SƏDAQƏT RƏMZİ

2023-05-15 Baxış: 193
img

2023-cü  ilin  may ayı. Biz, bütün Azərbaycan xalqı bu möhtəşəm hadisələrlə dolu ili, XXI əsrin 23-cü ilini yaşayır və düşünürük. Həyatımızda bir də bu möhtəşəmlik olacaqmı? Bizlər xalqımızın böyük lideri, öndəri, bütün həyatını xalqına bəxş etmiş, ali məqsədini bir an da olsun unutmayan dahi insanın, Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 - illik yubileyini qeyd edirik. Təkcə qeyd etmirik ki, bütün qəlbimizlə ruhuna ehtiramla deyirik: “Nə yaxşı ki, xalqımızın tarixində, Azərbaycan adlı ocağımızda, yurdumuzda doğulmusan, ey böyük azərbaycanlı! Bu vətən sevgisi sənin ruhuna uca Tanrıdan verilmişdir, bu dözüm, bu uzaqgörənlik, bu bilik, bu fonemenlik yalnız  İlahi vergi ola bilər, deyirik. Minnətdarq Yaradana, xalqımızın ən müasir dövlətçilik tarixini mühafizə edərək qoruyan böyük öndəri bəxş etdi bu millətə. Əsrlər ötəcək, nəsillər dəyişəcək, lakin bu böyük  vətən  sədaqəti  heç  zaman  unudulmayacaq. Daim örnək vətən yolu olaraq xatırlanacaq, xatırlandıqca yenidən doğulacaq, ən parlaq səhər kimi... Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda ilk olaraq diqqətimi çəkən məqam onların çətin şəraitdə necə fəaliyyət göstərməsi, nəyə köklənməsidir. Ulu Öndər Heydər  Əliyevdən  danışanda isə, görürük ki, onun bütün həyatının qayəsi Azərbaycan idi.  Azərbaycanın  xoş  gələcəyi, aydın, müstəqil sabahı, qüvvətli dövlətçiliyi idi. İnsanın bu yolda nə qədər qətiyyətli olması üçün ilk olaraq onun sərhədsiz vətən sevgisini izləyirik. Bu sevgi heç zaman azalmayan sədaqətlə könlündə ucaltdığı qəsrin yüksəlişi üçün zamanla irəli səsləyirdi onu, ən çətin anlarında yenidən qüvvət, güc verirdi.  Səsləyirdi  vətənimizin bu günü üçün. Bu gün böyük insanın ruhu şaddır. Nə qədər çətin olsa da, Azərbaycan bu gün öz müstəqilliyinin inkişafı yolunda uğurla irəliləyir. Ulu Öndər ideyaları cənab Prezidentimiz İlham Əliyevin davamlı uğurlu fəaliyyəti ilə reallaşır, idayaların, konsepsiyaların nəticələri  bütün  dünyaya  Azərbaycanın işıqlı yolunu göstərir. Bu yol heç də asan keçilməyib. Bu yolun qarlı, buzlu yolları, çətinliklər dolu anları olub. Lakin könlü vətən  sevgisi, sədaqəti, xalq birliyi üçün yanan bir insan bu yolda usanmadan irəlilədi. Xalqa  arxalandı, gücünü  xalqı  ilə  birləşdirdi. Onun önündə  dayanaraq əsl Liderə çevrildi. XX əsrin böyük bir hissəsi Azərbaycan Respublikasında Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Mərhələli  şəkildə  respublikamızın inkişafına xidmət edən fəaliyyət Azərbaycanın böyük bir iqtisadi potensialı olan ölkəyə çevrilməsinə təkan vermişdir. Bunun ilk mərhələsi isə1969-cu ildən başlanmışdır. Ulu Öndər  Heydər Əliyev 1923-cü ildə 10 may tarixndə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan  olmuşdur. Orta təhsilini başa vurduqdan sonra təhsilini davam etdirərək əvvəlcə Naxçıvan Pedaqoji Texnikumunda təhsil  alır, daha sonra  isə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə qəbul olur. Lakin  II  Dünya müharibəsinin başlanması təhsilini tamamlamasına imkan verməmişdi. Bu illərdə, 1941-44 – cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində fəaliyyət göstərmişdir. Daha  sonra dövlət təhlükəsizlik orqanlarında işə göndərilir və 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilir. Dahi  Liderin ömür  yoluna  nəzər saldıqca  izləyirik ki, onun həyatı  bir təlatümlü dəniz kimidir. Bir insan həyatında  nə  qədər böyük işlər görə  bilər, yorulmadan üzərinə düşən missiyanı şərəflə daşıyar? Bu Ulu Öndər ucalığı idi. Elə bir zirvə ki, onu heç zaman, heç bir qüvvə silə bilməyəcəkdir. Bu yol çətinliklərlə dolu yol idi. Lakin ürəkdə vətənə bağlılıq varsa, yorulmadan  irəli!-deyirdi. 1957-ci ildə Azərbaycan  Dövlət Universitetinin tarix fakültəsini bitirən Heydər Əliyev,  daha  sonra 1958-ci ildə Azərbaycan  SSRİ Dövlət Təhlükəsizliyi  Komitəsinin Əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildən isə DTK-nin sədr müavini təyin edilir. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir, ona general –mayor rütbəsi verilir. 1969-cu il iyul aynın 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi  seçilir. Həmin gündən 1982-ci ilə qədər Siyasi Büronun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci  müavini  vəzifəsinə təyinat alana qədər xalqın sevilən lideri Azərbaycanı  güclü iqtisadi  əsaslara malik dövlətə çevirmək üçün əlindən gələni əsirgəməmiş, respublikamızda böyük tikinti-quruculuq işləri həyata keçirmək üçün səylə çalışmış, qərarlar  qəbul  etmişdir. Bu dövrdə Azərbaycanda  şəhər və kəndlərdə 700 sayda məktəb binası tikilmişdir. Xaricdə təhsilə  də xüsusi diqqət verilirdi. Tələbələrin sayı artırılırdı. Respublikamızda iqtisadi göstəricilər  yaxşı  mənada  dəyişirdi. Tezliklə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalı 2,5, sənaye  istehsalı 3,  kənd  təsərrüfatı  məhsullarının 2 dəfə  artımına nail olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikilərək, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq  istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona  qədər  yüksəlmişdi. Üzüm  istehsalında  statistik vəziyyət göstəricisinə görə, 1980-ci ildə 1,5 milyon ton olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə yüksək idi. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatlar ölkənin gələcək inkişaf  strategiyasına  hesablanıb. Hələ sovet dönəmindəki hakimiyyəti illərində Azərbaycandan kənarda respublikamız üçün ən zəruri olan ixtisaslar üzrə 15 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanması faktını təhlil edən Rusiya analitikləri  bu  nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görürmüş. Bu nəticələr göstərirdi ki, Ulu Öndər  Heydər  Əliyev qəbul etdiyi  hər bir qərarında onun gələck nəticələrinin əhəmiyyətini dərindən düşünürdü, xalqı inandırararaq gələcəyə inamla aparırdı. 1969-1982-ci illərdə Azərbaycanı inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin  təməlini  qoydu. O deyirdi:  “İqtisadiyyati güclü olan dövlət hər şeyə qadirdir”. Ulu Öndər həyatının,  fəaliyyətinin, dövlətçiliyə,  xalqa  sədaqətlə xidmətinin hər bir anı örnək yol, təcrübə  məktəbidir. Onun  hər bir ifadəsi bir ömürlük  fəaliyyət üçün  irəli aparacaq qüvvəyə malik çağırışdır. Biz bu ideyaların işığında, onlardan qüvvət  alaraq Azərbaycanımızın daha güclü, qüvvətli inkişafı üçün əlimizdən gəldiyi qədər səylə çalışmalıyıq, çalışacağıq.

 

Bədirə  Niftaliyeva;

Neftçala  rayon ziyalısı, yazıçı-publisist