Əhəmiyyətli nailiyyətlər

2023-05-28 Baxış: 139
img
1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları bütün Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları — bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və müasirlik bir vəhdətdə idi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı.
1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində ölkəmiz böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Ulu öndərin başladığı strateji inkişaf xəttini yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqına və dövlətinə heyrətamiz uğurlar gətirib. Onun rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilib. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir. İnamla söyləmək olar ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da möhkəmlənəcəkdir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Səidə Baxışova, 
YAP Neftçala rayon təşkilatının fəal üzvü