Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur.

2023-05-29 Baxış: 159
img

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinin növbəti nümunəsidir.

Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Təkcə 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşir. Bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Məlumdur ki, Azərbaycan artıq uzun illərdir ki, bölgədə həyata keçirilən və strateji əhəmiyyət daşıyan mühüm beynəlxalq logistik layihələrin ən fəal iştirakçısı, bəzilərinin isə həm də təşəbbüskarıdır. Azərbaycan həmçinin “Şimal-Cənub” nəqliyyat dəniz layihəsinin fəal iştirakçısıdır. Eləcə də beynəlxalq dəmiryolu marşrutlarının bir hissəsi olmaqla, bütün regionun sürətli inkişafına səbəb olacaq və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır.

Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir.

Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan lideri ölkəmizin iddialarını tam şəkildə təmin etmiş oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.

 

Fətəli Hüseynov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü