Güclü ordu qurmuşuq

2023-06-02 Baxış: 130
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın rayonuna səfər etmişdir. Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub. Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib. Səfər zamanı ölkə başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdir. Görüşdə Prezident İlham Əliyev çıxış edərək laçınlıları və Azərbaycan xalqını 28 may Müstəqillik Günü və laçınlıların doğma şəhərinə qayıtmaqları münasibətilə təbrik etmişdir. Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin toxunduğu digər məsələ ordu quruculuğu oldu. Prezident İlham Əliyev:Biz güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır. Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Şəkəralı İsmayılov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü