Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var

2023-06-02 Baxış: 137
img

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Növbəti yadda qalan tədbir isə 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri oldu. 30 may tarixində dövlətimizin başçısı Prezident İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanat vermişlər. Dövlətimizin başçısı, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini, səfərin ikitərəfli əlaqələrimizi gücləndirəcəyini, çox fəal siyasi dialoqun mövcud olduğunu vurğulamışdır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracağını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayan ölkə rəhbəri, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çox lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalı olduğumuzu qeyd etmişdir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam etdiyini və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirdiyini, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcud olduğunu, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacağını, Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətində olduğunu bildirmişdir. Dövlətimizin başçısı, Yəhudi icmasının Azərbaycandaəsrlər boyu yaşadığını, bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlar olduğunu bildirmiş, Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşduqlarını, onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşduqlarını diqqətə çatdırmışdır. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynadıqlarını qeyd edən ölkə rəhbəri, bizim dünya azərbaycanlılarının diaspor təşkilatları olduğunu, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarət olduğunu, bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirdiyini, bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximizi olduğunu bildirmiş, “Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir” fikirlərini diqqətə çatdırmışdır. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan sonra daha da dərinləşəcək, güclənəcək.

 

Bağırov Emin,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatı sədrinin müavini