İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır.

2023-06-14 Baxış: 162
img

İki il öncə- 15 iyun 2021-ci il tarixində Tükiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev azad Şuşada müttəfiqlik haqqında Bəyannaməyə imza ataraq bu tarixi günü bir daha əbədiləşdirmiş oldular. 29 il əvvəl xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həmin gün Azərbaycanı böyük fəlakətdən qurtarmışdı. Bu Bəyannamənin imzalanması ilə 15 iyun ikiqat əlamətdarlıq qazanmış oldu.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.

Şuşa Bəyannaməsinin siyasi olduğu kimi iqtisadi əhəmiyyəti də danılmazdır.  Bəyannamə hər iki ölkənin gələcək qarşılıqlı inkişafı deməkdir. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.

İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Fəridə Qafarova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü