"Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir."

2023-06-20 Baxış: 219
img

Ulu Öndər Heydər Əliyevin Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsindəki nitqindən (24 aprel 1998-ci il)

Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində və  siyasətində idarəetmə ilə yanaşı, ədəbiyyat da aparıcı qüvvə idi, dövlət rəhbəri ədəbiyyata qayğı, diqqəti dövlətçiliyin, siyasətin, Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirirdi, ədəbi prosesləri müntəzəm izləyirdi. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının və Birliyinin bütün qurultaylarında iştirak etmiş, əhatəli, parlaq məzmunlu nitqləri ilə yadda qalmışdır. Söz adamlarının yubiley tədbirlərində, anım günlərindəki çıxışlarında Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, xalqa, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı. 

Heydər Əliyevin Mirvarid xanımın da poeziyasına dəyəri həmişə yüksək olub. O, şairin 85 illik yubiley gecəsindəki təbrikində  bunu xüsusi vurğulayır:

 “Şair olmaq asan deyil. Təkcə bizim xalqımızın tarixində yox, bütün dünya xalqlarının tarixində şairlər,  yazıçılar, alimlər adətən kişilərdən olubdur. Ancaq qadınlardan olan şairlər xüsusi hörmətə malikdirlər. Onlar gərək nə qədər yüksək istedada malik olsunlar ki, kişilərlə bərabər səviyyədə, bəlkə onlardan da üstün səviyyəyə qalxaraq, şeirlər yazaraq, böyük şairlər dəstəsinə qoşula bilsinlər.

Əziz bacım Mirvarid Dilbazi, siz məhz belə insansınız, qadınsınız, şairsiniz...” 

Mirvarid xanımın Heydər Əliyevə doğma övladı kimi sevgisi vardı. İnanmıram ki, sənət adamları içərisində Ulu Öndərə “oğlum” deyərək müraciət edən ikinci söz adamı olsun.

Mirvarid Dilbazinin yaradıcılığının zəngin və çoxşaxəli olduğunu qabarıq əks etdirən nümunələri saymaqla qurtarmaq olmur. Uşaqlar üçün şeirləri körpələrimizin nənə laylasıdı, mahnı mətnləri musiqisiz də kövrək nəğmədi. Vətənpərvərlik şeirləri Azərbaycan əsgərinin qoluna güc verir, mübarizə əzmi yaradır. Ulu Öndər ona görə deyirdi ki, Mirvarid Dilbazi Azərbaycan qadınının, Azərbaycan xanımının ən parlaq, ən gözəl simasıdır.

Ağbirçək şair anamız ömrünün müdrik çağlarında duyğulu ürəyində bir dərd daşıyırdı – Qarabağ dərdi. Mirvarid xanımın yeganə övladı Xatirə Dilbazi müsahibələrinin birində deyir ki, Heydər Əliyev ad günündə anama zəng edirdi, təbrikindən sonra soruşurdu ki, ürəyin nə istəyir? Anam da eyni cavab verirdi: heç nə lazım deyil. Mirvarid xanımı yaxşı tanıyan sənət dostları isə xatirələrində yazırlar ki, şairin  Ümummilli liderin bu sualına ərklə cavabı “mənə Qarabağımı verin!” olurdu.

Mirvarid xanımın arzusunu yerinə yetirmək üçün Heydər Əliyevə ömür vəfa etmədi. Onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində artıq haqq dünyasına qovuşmuş Mirvarid Dilbazinin istəyini yerinə yetirdi, işğal altında qalmış torpaqlarımız bədxah, nankor, qaniçən insan qatillərindən azad olundu. Heyif ki, tale şair anamıza  bu günü görməyə, zəfər sevincinin dadını dadmağa, azad olunmuş torpaqları ziyarət etməyə imkan vermədi. Ancaq onu dəqiq bilirəm ki, bu gün el anamızın ruhu şaddır.

 

 

Gülnarə Qasımova,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü