Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var

2023-06-21 Baxış: 143
img

Bir neçə gün əvvəl Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin perspektivləri baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev iyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərindən danışaraq, bu münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlət başçımız bildirdi ki, Pakistanın işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi güclü dəstək mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanla Pakistan arasındakı münasibətlərin elm və təhsil sahəsində də inkişafı hər birimizi sevindirir. Azərbaycan Dillər Universiteti bu münasibətlərin qurulmasında yaxından iştirak edir. Pakistan Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı ADU-nun son illər gördüyü ən mühüm işlərdən biri hesab olunur. Bu nöqteyi-nəzərdən ADU-nun aparmış olduğu işlər xüsusilə seçilir. Qarşılıqlı tədqiqatların aparılması, tələbə mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin, iki ölkənin universitetləri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi böyükdür. Universitetlərdə hər iki ölkənin əlamətdar günlərinin qeyd olunması, Azərbaycan həqiqətlərinin təbliği, eləcə də Azərbaycanın və Pakistanın görkəmli şəxsiyyətlərinin, elm adamlarının fəaliyyəti ilə bağlı birgə konfrans, seminar və digər yığıncaqların keçirilməsi məqsədəuygundur. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də önəmli mesaj verdi. Baş nazir bildirdi ki, Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

 

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü