“Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır.”

2023-06-22 Baxış: 206
img

Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında nitqindən (8 aprel 1999- cu il)

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan,ecazkar poetik qüvvəyə malik
yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq,dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır.Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

 Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ sovet dönəmində Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi yazıçılara, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tahir Salahov kimi  bəstəkar, rəssamlara o zaman SSRİ-də ən yüksək  fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd etmək lazımdır ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Elçin, Anar, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, Mirzə Fətəli Axundovun 170, böyük romantik, filosof şairi Hüseyn Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir. 1999-cu il aprelin 8-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev dahi Nizami haqqında deyib: "Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır." 

Heydər Əliyevi hər şeydən öncə ədəbiyyatın yüksək borcu və amalı düşündürürdü. Azərbaycan yazıçılarının X qurultayındakı tarixi nitqində də o, ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandırmışdı. "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir", - deyən Heydər Əliyev ümumən intellektə, ağıl və zəkaya böyük qiymət verirdi. Çünki o özü XX əsr Azərbaycan tarixinin yetişdirdiyi böyük zəka, intellekt sahibi idi.

Günel Məmmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü