Nəqliyyat sektoruna tələbat daha da artır

2023-07-14 Baxış: 138
img

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı Prezident İlham Əliyev qeyd etmişdir ki, "Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir. Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında. Hüquqi baza var, sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və biz bunun nəticələrini görürük. Yəni, bir sözlə, biz gərək nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında özümüz üçün konseptual qaydada bir araşdırma aparaq və özümüz üçün bir hədəf müəyyənləşdirək ki, biz nə istəyirik. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar. Bizim ümumi biznesin inkişafı konsepsiyamız var, müxtəlif alətlər var, o cümlədən güzəştli kreditlər və digər alətlər. Yəni, bunu indi nəqliyyat marşrutları prizmasından da təhlil etsək, məncə yaxşı olar. Onu da bildirməliyəm ki, bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində, mənim göstərişimlə həll olunub. Tankerlərə də “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik.

Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Yəni, siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, - çox müsbət haldır və bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik. Əgər bu gün bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri haradan alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər haradan alırdıq, indi oradan heç kim ala bilmir. Ona görə bu, vaxtında atılmış strateji bir addım idi. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi də. Bu göstərişi də mən vermişdim, biz bunu da etməliyik. Çünki bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər, çünki yenə də mən əvvəlcədən nəyi isə demək istəmirəm. Amma qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır".

 

Cavid Quliyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü