Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır

2023-07-16 Baxış: 144
img

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir.

Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur - qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq, işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir.

Bu gün Azərbaycanın bir çox sahələrdə inkişafı göz qabağındadır. Onlardan biri də qədim tarixə malik olan gəmiçiliyin yeniləşməsinə göstərilən diqqətdir.

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev çıxışı zamanı bir çox məsələlərə toxunub.

Nəqliyyat sektorunun əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti üçün əlavə imkanlar yaranır: “Nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Lazımi hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib. Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.

Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik.

Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər”.

 

Vəfa Bayramova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü