Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq

2023-07-16 Baxış: 333
img

Xəzərin sərvətləri Azərbaycanın milli gəlirinin, xalqımızın firavanlığının çox mühüm mənbəyidir. Dünyanın ən böyük gölü olsa da, dəniz adlandırılan bu su hövzəsi dibindəki “qara qızıl”ı, qoynundakı kürüsü, balığı ilə yanaşı, həm nəqliyyat-logistika imkanları ilə dövlətimizin iqtisadi gücünün artırılmasına sanballı töhfələr verir. Xəzərin sularında ölkəmizə məxsus çoxsaylı yük və sərnişin gəmiləri üzür, buradan cənub-şimal, şərq-qərb nəqliyyat dəhlizləri keçir.

Azərbaycan gəmiçiliyinin inkişafı, o cümlədən gəmiqayırma sənayesinin formalaşması zəngin tarixi irsə və ənənələrə əsaslanır. Hələ XIX əsrin ortalarından başlayaraq, Bakının iri neft sənayesi mərkəzinə çevrilməsi, dünyada ilk neftdaşıyan barjın, ilk daxiliyanma mühərrikli və ilk reversivli iki mühərriklə çalışan gəmilərin Xəzərdə istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanda gəmiçilik fəaliyyətinin yaddaqalan səhifələridir. Prezident İlham Əliyevin beş il əvvəl ASCO-nun 160 illiyi münasibətilə təbrikində qeyd olunduğu kimi, tarixi boyu hər bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərmiş gəmiçilik ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin şərəfli bir yol keçmişdir. Ölkəmizdə nəqliyyat sistemi, o cümlədən su nəqliyyatı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrlərdə daim diqqətdə saxlanılıb. Müstəqil dövlətçiliyimizin banisi və qurucusu dənizçilərin fədakar əməyini həmişə layiqincə qiymətləndirib və milli gəmiçiliyin müasirləşməsində müstəsna xidmətlər göstərib. Azərbaycanda bir neçə gəmi təmiri müəssisəsi olub ki, bunlar da gəmiqayırma sənayesinin formalaşması üçün zəmin rolunu oynayıb.

Dünyada yaşı min illərlə ölçülən gəmiqayırmanın və gəmiçiliyin ölkəmizdə inkişafının yeni mərhələsi uğurla davam edir. Erməni faşizmi üzərində möhtəşəm qələbə nəticəsində Cənubi Qafqazda yeni yaranan reallıqlar – nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi, xüsusən, Zəngəzur dəhlizinin açılması Xəzərdə gəmiçiliyin yükünü artıracaqdır. Bu amil və qalib dövlətimizin iqtisadi qüdrəti gəmiqayırma sənayesinin inkişafına daha güclü təkan verəcəkdir.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxışı zamanı qeyd etmişdir ki, bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Yəni, siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, - çox müsbət haldır və bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik.

Əgər bu gün bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri haradan alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər haradan alırdıq, indi oradan heç kim ala bilmir. Ona görə bu, vaxtında atılmış strateji bir addım idi. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi də. Bu göstərişi də mən vermişdim, biz bunu da etməliyik. Çünki bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər, çünki yenə də mən əvvəlcədən nəyi isə demək istəmirəm. Amma qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır.

 

Gülnar Məmmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü