Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir.

2023-07-16 Baxış: 260
img

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.
Məlum olduğu kimi, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlət başçısı bu ilin ötən dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı məsələyə də toxunmuş və qeyd etmişdir ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı onun göstərişi ilə Dövlət Proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Ölkə başçısı Dövlət Proqramının tam icra ediləcəyinə əminliyini ifadə edərək pro¬qramın öz resurslarımıza əsaslanaraq qəbul edildiyini vurğulamışdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı”, təxminən, bir ay bundan əvvəl – iyunun 5-də təsdiq olunub. Bu proqram indiyədək muxtar respublikada həyata keçirilmiş Dövlət proqramları içərisində daha mükəmməl hazırlanma mexanizmi və əhatəliliyi ilə seçilir. Belə ki, proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar respublikada bir çox sahələr ciddi təhlil olunmuş, mövcud vəziyyət yerində araşdırılaraq qiymətləndirilmiş və bütün bunların əsasında məqsədyönlü qərarlar verilərək qarşıdakı hədəflər müəyyənləşdirilmişdir. Bununla bərabər, proqramın hazırlanmasında mühüm amillərdən biri gələcək hədəflərin müəyyənləşdirilməsində GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə olunmasıdır. Bu təhlil birbaşa imkan verir ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrasında ayrı-ayrı sahələrin mövcud vəziyyəti nəzərə alınaraq, ona müvafiq olaraq addımlar atılsın. Ümumilikdə isə bəhs olunan Dövlət Proqramında 11 istiqamət prioritet olaraq seçilmişdir. Bunlar əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı, institusional inkişaf və ətraf mühitin mühafizəsinin gücləndirilməsidir.
    Ölkə başçısının müşavirədə səsləndirdiyi mühüm fikirlərdən biri də bu idi ki, Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji”  zonasına çevrilməsi qarşıya mühüm məqsəd kimi qoyulub: “…orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.
Qeyd edək ki, hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 qiqavat təşkil edir. Bunu da vurğulayaq ki, əgər Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi layihəsi Vətən müharibəsindən sonra qəbul olunsa da, Naxçıvanın energetika sisteminin, xüsusilə bərpa olunan enerji mənbələri hesabına qurulması konsepsiyası dövlət başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk illərindən qarşıya məqsəd kimi qoyulub. Belə ki, hələ 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən enerji təminatı sahəsində resurs əvəzləyici potensial əldə olunması strategiyası həyata keçirilir. Həmin proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi  ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. Bu işin təşviqi olaraq bərpa olunan enerji mənbələrinin hasilatı üçün texnoloji avadanlıqların istehsalı Naxçıvan Muxtar Respublikasında qurulmalıdır. Ötən dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Xüsusilə 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilməsi muxtar respublikanın energetika sisteminin yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Növbəti illərdə isə bu işlərin davamı olaraq Babək, Kəngərli və Şərur rayonlarında müxtəlif gücə malik Günəş, Culfa rayonunda isə Külək Elektrik stansiyalarının tikilərək istismara verilməsi muxtar respublikada bərpa olunan enerji mənbələrində enerji istehsalının həcmini xeyli yüksəltmişdir.
Həyata keçirilən tədbirlərin mahiyyətində həm də bu durur ki, Naxçıvan Azərbaycanın energetika sisteminə inteqrasiya etməklə ölkəmizin digər bölgələrində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan “yaşıl enerji”nin də ixracat qovşağına çevrilir. Təsadüfi deyil ki,  “Cəbrayıl” enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə imkan yaradacaq. Bununla da, Naxçıvan “yaşıl enerji”nin istehsalı və istehlakı ilə bərabər, həm də ixracında əsas marşruta çevriləcək. Bütün bunlar isə muxtar respublikanın hərtərəfli inkişafında mühüm rol oynayacaq.

Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi