Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir

2023-07-26 Baxış: 206
img

Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da əsasən özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. 

Növbəti illərdə elektrik enerjisinin is­tehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bu­nun üçün zəngin potensial, bərpaolunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xa­rici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur. Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerji­sinin ixracı və bunun üçün yeni texnologi­yaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif bey­nəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasın­da mühüm rol oynayır. 

Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-bi­rini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl ener­ji”yə problemsiz keçidə təminat yaradır.

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir ki, bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq, eyni zamanda, biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda keçirilib.

Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir

Faiq Babazadə,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri